“Barselona”nın yeni icarə transferi, portuqal hücumçu Joao Feliks kataloniyalıların düşərgəsinə keçidinin maliyyə təfərrüatını açıqlayıb.
Arena.az “Sport.es” dərgisinə istinadən Feliksin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən həqiqətən əhəmiyyətli bir məbləğdən imtina etdim, amma mənə klubumu dəyişmək gərək idi”, deyə Feliks bildirib.
Daha əvvəl kataloniyalıların portuqal hücumçuya mövsüm müqabilində təxminən 400 min avro ödəyəcəyi haqda məlumat yayılmışdı. Maraq üçün vurğulayaq ki, Feliks 2022/2023 mövsümünün ikinci yarısında “Çelsi”də icarə əsasında çıxış edərkən həftəyə 290 min avro qazanırdı.
Feliks həm də “Atletiko”da rəhbərliyi altında çalışdığı argentinalı mütəxəssis Dieqo Simeonenin fikirlərini qəbul edə bilmədiyini etiraf edib:
“Futbol belədir. Nəsə qaydasında getmirsə, komandanı dəyişmək gərəkdir. “Çelsi”də çalışdım, indi mən “Barselona”dayam, çünki “Atletiko”da mənim yaxşı oynamağım alınmırdı. Klubun və məşqçinin fikirlərinə uyğunlaşa bilmədim. Amma həmişə mümkün hər şeyi etməyə çalışmışam. Mənim də orada çox yaxşı dövrlərim olub”, – “Mundo Deportivo” Feliksədən sitat gətirir.
Feliks 2023/2024 mövsümündə icarə əsasında kataloniyalıların xidmətində olacaq. Müqavilə müddəti 2024-cü ilin iyun ayının sonuna qədər razılaşdırılıb. Transfer hüquqlarının məxsus olduğu “Atletiko” ilə isə Feliksin 2027-ci ilin iyun ayının sonuna qədər müqaviləsi var. Transferin maliyyə təfərrüatı açıqlanmayıb.
Joao Feliks 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarədə keçirib. Portuqal hücumçu “zadəganlar”ın heyətində 20 oyuna 4 qol vurub. Ancaq mövsümün bitməsi ilə “Çelsi” Feliksin xidmətində daha maraqlı olmadığını bəyan edib və portuqal hücumçu “Atletiko”nun düşərgəsinə qayıdıb. O, “Atletiko”da ümumilikdə 131 oyun keçirib, 34 qol vurub, 18 məhsuldar ötürmə verib.
Cari mövsümdə Feliks “Barsa”nın heyətində uğurla çıxış edir: 3 oyun, 3 qol, 1 məhsuldar ötürmə.
Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasında 32 oyun keçirib, 6 qol vurub, 3 məhsuldar ötürmə verib və UEFA Millətlər Liqasını (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 23 yaşlı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, Feliks özü də “Barselona”ya keçmək istəyində idi. Hətta bunu açıq şəkildə dilə gətirdiyi üçün Madrid klubunun rəhbərliyinin və azarkeşlərin hiddətinə tuş gəlmişdi.


