“UNO by Real Madrid” – “Kral klubu” yemək biznesinə girişdi

Madrid “Real”ının rəhbərliyi futbol klubu adından “UNO by Real Madrid” restoranlar şəbəkəsi açmaq qərarını nəhayət gerçəkləşdirib.

Arena.az “kral klubu”nun mətbuat xidmətinə istinadən məlumat verir ki, “Real” tez qidalanma (fast food) restoranlar şəbəkəsinin fəaliyyətə başladığını bəyan edib.

“Kral klubu” biznes layihəsini “San-Pablo” daşınmaz əmlak qrupu ilə birlikdə həyata keçirir. İlk restoranın tezliklə, cari ilin oktyabrında Mexikoda açılıb istifadəyə verilməsi nəzərdə tutulub.

Restoranlar şəbəkəsinin sayəsində “Real” klubun brendini bütün dünyada genişləndirməyə ümid edir. Məhsul keyfiyyətinin əsas dəyər olduğu tez qidalanma restoranları şəbəkəsinin beynəlxalq etalon olması prinsipi “kral klubu”nun əsas məqsədidir. Bütün dünyada 600 milyondan çox “Real” azarkeşi sevimli komandasının oyunlarına bir arada baxa biləcək, keyfiyyətli məhsullardan hazırlanmış təamları yerindəcə dada və həmçinin ala biləcəklər.
“Hala Madrid!”, deyə “Real” azarkeşlərini yeni restoranlarına dəvət edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: