Madrid “Atletiko”su İspaniya prokurorluğunda izahat verəcək

Madrid “Atletiko”su azarkeşlərinin yol verdiyi irqi təhqirlə əlaqədar, İspaniya prokurorluğunda haqqında şikayət üzrə izahat verəcək.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Atletiko” azarkeşləri tərəfindən səkkiz yaşlı qızı ilə birlikdə irqçi təhqirlərə məruz qalmış, ölümlə hədələnmiş qadın İspaniya prokurorluğuna “döşəkçilər”dən müvafiq şikayət ərizəsi verib.

Ərizəçi şikayət ərizəsində göstərir ki, “Atletiko”nun stadionunun yaxınlığında gəzərkən “döşəkçilər”in azarkeşləri onun özünə və “Real”ın braziliyalı ulduzu Vinisiusun köynəyini geyinmiş azyaşlı qızına qarşı irqçi ifadələr səsləndirməyə başlayıblar. Qadın təsvir edib ki, “Atletiko” azarkeşlərindən biri ona yaxınlaşıb, Həmin azarkeş qadının qoluna bir neçə zərbə vurub və buradan getməsələr, qızcığazı öldürəcəkləri ilə hədələyib. Qorxmuş qadın karıxmış qızcığazı ilə birlikdə xuliqanlardan uzaqlaşmağa macal tapıb.

Səkkiz yaşlı qızın anası bu hadisənin qızcığazın psixoloji vəziyyətinə mənfi təsir etdiyini bildirib. Məsələ burasındadır ki, hadisədən sonra uşağın yuxusu pozulub və tez-tez kabuslar görməyə başlayıb.

Xatırladaq ki, bu hadisə İspaniya çempionatının “Atletiko” – “Real” oyunu ərəfəsində baş verib. Madrid “Atletiko”su bu oyunda 3:1 hesablı inamlı qələbəyə sevinib.

Yolverilməz hadisə ilə əlaqədar İspaniya prokurorluğunda təhqiqat qrupu yaradılıb, hadisə araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaş: