Kataloniya nəhəngi “Barselona” kluba qarşı yönəlmiş ittihamlar əsasında məhkəmə qarşısnda cavab verməli olacaq.
Arena.az “El Debate” dərgisinə istinadən məlumat verir ki, Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyranın işi üzrə rüşvətxorluqda ittiham edilir.
İttihamlar həmçinin Xose Neqreyranın özünə, oğluna və Kataloniya klubunun keçmiş prezidentləri Jozep Bartomeuya və Sandro Roselə qarşı da irəli sürülüb. Barselona İstintaq Məhkəməsinin rəhbəri Xoakin Agirre, Neqreyraya “Barselona” tərəfindən 7,5 milyon avro ödənilməsini cinayət əməli hesab edib.
Məhkəmə belə bir mövqe tutur ki, heç bir vəzifəli şəxs bilavasitə vəzifələrinin icrasına görə əlavə mükafat ala bilməz və ya almamalıdır. “Barselona”nın təqsiri sübuta yetirilsə, Kataloniya klubu Sequndaya yuvarlanmaq və avrokuboklardan diskvalifikasiya edilmək təhlükəsi ilə üzləşəcək.
Xatırladaq ki, müasir Avropa futbolu yaxın keçmişdə oxşar biabırçılığa şahidlik edib. Futbola, idmana yaraşmayan işlərdə iştirakına, mailiyyə məsələrində çoxsaylı fırıldaqçılığa yol verməsinə, hakimlərin rüşvətlə ələ alınması cəhdlərinə, vəzifəli şəxslərlə rüşvətxorluq fəaliyyətində olmasına və s. yolverilməz əməllərinə görə “Yuventus” ağır cəzalarla üzləmişdi. Belə ki, Turin klubu çempionluqdan və avrokuboklarda iştirakdan məhrum edilmişdi. Bu komanda hətta 2006/2007 mövsümü üçün B Seriyasına göndərilmişdi.
UEFA müvafiq halların təkrarlanmasının və futbolun eybəcərləşdirməsinin qarşısını almaq məqasədilə bu qəbildən olan məsələrdə güzəştsiz, sərt mövqeyi ilə seçilir. Ötən il maliyyə fırıldağında təqsiri sübuta yetirilmiş həmin “Yuventus”a pul cəriməsi kəsilmiş, komanda A Seriyasında 10 xalından məhrumetmə cəzası ilə üzləşmişdi. Bu azmış kimi, Turin klubu cari mövsümdə avrokuboklarda iştirakdan məhrum edilmişdi. Odur ki, “Barselona” azarkeşlərinin qorxmaq üçün ciddi əsası var.


