“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp vinger Kodi Qakponun “Tottenhem”lə oyunda (1:2) zədələnməsini özünün əsas problemi adlandırıb.
Arena.az “The Athletic”ə istinadən alman mütəxəssisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Qakpo ayağındakı sarğı ilə axsayır. Düzünü desəm, hazırda bu, mənim ən böyük problemimdir. Biz iki oyunçumuzu qırmızı vərəqə, üçüncüsünü isə güman ki, zədə səbəbindən itirdik. Hər şey çox pisdir.
Kodi qol vurdu, amma bu zərbədən sonra daha çox narahatlıq hiss etdi. O, bundan əvvəl qayda pozuntusuna görə zədələnmişdi”, deyə Yurgen Klopp narahtlığını ifadə edib.
Xatırladaq ki, “Liverpul” “Tottenhem”ə uduzmaqla, cari mövsümdə ilk məğlubiyyətini alıb. Vurğulayaq ki, oyunda məlum VAR qalmaqalı yaşanıb, oyunun baş hakimi “Liverpul”un təmiz qolunu hesaba almayıb, VAR isə vəziyyətə müdaxilə edə bilməyib.
Hazırda “Liverpul” 7 turdan sonra 16 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. “Tottenhem” isə 17 xalla lider “Mançester Siti”dən 1 xal geri qalır.
Növbəti turda “qırmızılar” “Brayton”un qonağı olacaqlar.


