Yurgen Klopp: “Tottenhem”lə oyun yenidən oynanılmalıdır”

“Liverpul”un alman baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqası çərçivəsində “qırmızılar”ın “Tottenhem”lə oyunu haqda danışıb.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, Klopp komandasının çempionatın 7-ci turu çərçivəsində “mahmızlar”a 1:2 hesabı ilə məğlub olduğu oyunda yaşanılmış məlum VAR qalmaqalına görə, oyunun yenidən oynanılmasını düzgün hesab edir.

Xatırladaq ki, oyun məqamında “Liverpul”un hücumçusu Luis Diasın vurduğu qol baş hakim tərəfindən oyundankənar vəziyyət kimi qiymətləndirilmişdi. VAR briqadası isə anlaşılmazlıq səbəbindən vəziyyətə müdaxilə edə bilməmişdi.

“Mən bunu “Liverpul”un çalışdırıcısı kimi deyil, bir futbol adamı kimi deyirəm – hesab edirəm ki, bu oyunun yeganə nəticəsi təkrar oyunla olmalıdır. Xatırladığım qədər, indiyə qədər belə bir şey olmayıb. Ona görə də, mənim fikrimcə, təkrar oyun keçirilməlidir”, deyə Yurgen Klopp məntiqini izah edib.

Müvafiq hadisə oyundan sonra araşdırılıb. İngiltərə Hakimlər Təşkilatı, həmçinin İngiltərədə peşəkar oyunların hakimliyini təmin edən “Professional Game Match Officials Limited” (PGMOL) şirkəti hakim Hovard Uebin simasında “Liverpul”dan üzr istəyib.

Təbii ki, xal itkisi “Liverpul”a həm turnir cədvəli və həm də mənəvi tarazlıq baxımından zərbə vurub. Vurğulayaq ki, bu, “qırmızılar”ın cari mövsümdə ilk məğlubiyyətidir.

Hazırda “Liverpul” 7 turdan sonra 16 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: