“Barselona”da agentlərə ödənişlərdə iddia edilən qanun pozuntuları ilə əlaqədar vergi agentliyi tərəfindən araşdırma aparılır.
Arena.az bu barədə “El Confidencial” dərgisinə istinadən məlumat verir.
İddia edilir ki, Kataloniya klubu, siyahısında qeydiyyatda olan oyunçuların nümayəndələrinə ödənişlər edib. Bu da əlaqəli vergilərdən yayınaraq maaşları artırmaq vasitəsi kimi qəbul edilə bilər.
Sözügedən ödənişlərin 2015-2018-ci illər aralığında həyata keçirildiyi bildirilir. Xosep Mariya Bartomeu o zaman klubun prezidenti olub. Güman ki, o, buna görə cavab verməli olacaq.
Vurğulanır ki, İspaniyada vergi fırıldaqçılığı ciddi cinayətdir və ağır cərimələr və ya həbslə nəticələnə bilər.
Xatırladaq ki, La Liqanın cari çempionu “Barselona” hələ də İspaniya Kral Futbol Federasiyası (RFEF) Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərlə bağlı məhkəmə işinin mərkəzindədir. Bu iş uzanır, araşdırmalar nəticəsində yeni dəlillər ortaya çıxır. Hazırda Kataloniya klubu rüşvətxorluq və korrupsiya ittihamları ilə üz-üzədir.
Öz növbəsində kataloniyalıların düşərgəsindən hər zaman günahsız olduqları haqda bəyanat verilib. “Barselona” bu məsələdə klubun adının təmizlənəcəyinə ümid edirdi. Amma indi başqa bir dastan başlayıb və hadisələrin hansı axar alacağını araşdırmaların nəticəsi göstərəcək.


