“Real” Zidanı qaytarmaq üçün danışıqlar aparır

İspaniya mətbuatında “Real”ın sabiq baş məşqçisi, fransalı mütəxəssis Zinədin Zidanın yenidən madridliləri çalışdıra biləcəyi deyilir.

Arena.az xəbər verir ki, bu barədə İspaniya kütləvi informasiya vasitələrinə insayder məlumatı sızıb.

Belə ki, jurnalist-insayder Xose Alvares, Zidanın Madrid klubu ilə əməkdaşlığı bərpa etməsi istiqamətində tərəflər arasında danışıqlar aparıldığını “El Chiringuito”nun efirində səsləndirib.

Daha əvvəl “Real”ın hazırkı baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottinin karyerasını Braziliya millisində davam etdirəcəyi haqda qeyri-rəsmi olsa da, məlumatlar dolaşırdı.

Xatırladaq ki, Zinədin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi çalışıb. Buna qədər fransalı mütəxəssisin məşqçilik işində heç bir komanda ilə təcrübəsi olmayıb. Zidan yalnız Madrid təmsilçisinin alt komandaları sistemində qısa müddət çalışıb. Zidanın məşqçilik debütü çox uğurlu olub. Fransalı mütəxəssis “Real”da ilk mövsümündəcə (2015/2016) UEFA Çempionar Liqasının qalibi olub. Ardınca Zidan bu uğurunu daha iki dəfə təkrarlamağı bacarıb (2016/2017, 2017/2018). Beləcə o, Çempionlar Liqasının tarixində rekorda imza atıb. Zidana qədər heç kimə ardıcıl nəinki üç, hətta iki dəfə eyni komanda ilə Çempionlar Liqasını qazanmaq müyəssər olmayıb. Zidan “Real”la həmçinin hər biri ikiqat olmaqla İspaniya La Liqasını (2016/2017, 2019/2020), İspaniya Super Kubokunu (2017, 2019/2020), UEFA Super Kubokunu (2016, 2017) və FIFA Klub Dünya Kubokunu (2016, 2017) qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: