“Union Berlin”in italyan müdafiəçisi Leonardo Bonucci “Yuventus”un yarımmüdafiəçisi Nikolo Facoliyə görə cəzalana bilər.
Arena.az bu barədə “La Repubblica” nəşrinə istinadən məlumat verir.
Belə ki, Bonuççi Facolinin qanunsuz mərc oyunları platformalarında qeyri-qanuni qoyuluşlar etdiyindən xəbərdar imiş. Belə olan halda Federal Prokurorluq, əlaqədar qurumları və ya səlahiyyətli şəxsləri hadisədən xəbərdar etmədiyi üçün Bonuççini futboldan uzun müddətə kənarlaşdıra bilər.
Facolinin telefonunu yoxlayan zaman Bonuççinin 22 yaşlı italyan yarımmüdafiəçinin mərc qoyuluşlarından xəbəri olduğu haqda məlumat əldə edilib. İndi “Yuventus”un sabiq futbolçusu ən azı 6 aylıq diskvalifikasiya ilə üzləşə bilər. Bununla belə, Bonuççinin özünün qeyri-qanuni platformalarda mərc etdiyinə dair heç bir sübut yoxdur.
Nəzərinizə çatdıraq ki, İtaliya qanunlarına əsasən, həmkarlarının qumar oynadığını öyrənən hər bir oyunçu bu barədə Federal Prokurorluğa məlumat verməyə borcludur.
Daha əvvəl, kütləvi informasiya vasitələrində Facolinin 3 il müddətinə mümkün diskvalifikasiyadan yayınmaq üçün istintaqla əməkdaşlıq edəcəyinə dair məlumat yayılmışdı.
36 yaşlı Bonuççi bu ilin yayında “Yuventus”dan ayrılaraq “Union Berlin”ə keçib. Tərəflər arasına 1 illik – müddəti 2024-cü ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
2010-cı ildə “qoca sinyora”ya qoşulmuş müdafiəçi 2017/2018 mövsümünü “Milan”da keçirdikdən sonra yenidən Turin klubuna qayıdıb. Bonuççinin “Yuventus”da 502 oyun keçirib, 37 qol vurub, 10 məhsuldar ötürmə edib.
Leonardo Bonuççi hazırda kapitanı olduğu, İtaliya yığmasının heyətində 2010-cu ilin mart ayında debüt edib və yığmada 121 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib. Bonuççu “skuadra adzurra” ilə 2021-ci ildə keçirilmiş Avropa çempionatının qalibi olub.


