İsraildə UEFA-nın himayəsi altında keçirilən turnirlərin oyunları ölkədəki məlum hadisələrə görə qeyri-müəyyən müddətə ləğv edilib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Qərarın təşkilatdan əlavə bildiriş alınana qədər qüvvədə qalacağı da vurğulanır:
“İsraildə təhlükəsizliklə bağlı mövcud vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra UEFA İcraiyyə Komitəsi növbəti bildirişə qədər UEFA turnirlərindəki oyunların İsraildə keçirilməyəcəyinə qərar verib.
İsrail Futbol Assosiasiyası və onun “Makkabi” (Hayfa) və “Makkabi” (Təl-Əviv) klublarından ev oyunları üçün ölkədən kənarda alternativ meydanlar/stadionlar tapmaları xahiş edilib. Bu qərar qüvvədə qaldığı müddətcə bu stadionlar istifadədə qalacaq”.
Avropa Liqasının qrup mərhələsinin “Vilyarreal” – “Makkabi” (Hayfa) oyununun oktyabrın 26-dan dekabrın 6-na təxirə salındığı açıqlanıb. Avropa Konfrans Liqasının qrup mərhələsinin “Makkabi” (Təl-Əviv” – “Zarya” oyunu isə oktyabrın 26-dan noyabrın 25-nə təxirə salınıb.


