“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 3-cü turunun “Yanq Boyz”la səfər oyununa (3:1) yekun vurub.
Arena.az UEFA-nın rəsmi saytına istinadən “Pep”in bu barədə fikirlərini təqdim edir:
“Əla oyun idi. Mövqe baxımından çox yaxşı oynadıq. Eyni zamanda, ilk hissədə bir az əskikliyimiz vardı. Rəqiblərimizin yaxşı fiziki hazırlığı var, təkbətək oyunda daha aqressiv idilər. Mən fəaliyyətimizdən çox razıyam. İndi qrupdan çıxmağımızı riyazi olaraq təmin etmək üçün daha bir oyunda qalib gəlmək lazımdır, sonra isə qrupda birinci olmaq üçün daha iki görüş var.
İnsanlar Haalandın hər dəfə dörd qol vuracağını gözləyirlər. Başqaları onun uğursuz olmasını istəyirlər – amma bu oğlan bütün ömrü boyu qollar vuracaq. O, inanılmaz təhlükə təcəssüm etdirir. Bəzən bizim ötürmə fürsətləri tapmaq qabiliyyətinə malik oyunçularımız çatışmır – məsələn, Kevin De Bröyne və ya keçmişdə Gündoğan kimi. Amma Haaland futbol oynadığı son günə qədər qol vuracaq.
Riko Lyuis müdafiəçi mövqeyində oynadı və mərkəzə keçdi. Rodri ilə birlikdə inanılmaz səmərə göstərdi – hər üç müdafiəçi həqiqətən yaxşı idi. İkinci hissədə Jeremi Doku, Cek Qriliş və Bernardo Silva meydana çıxanda əla fəaliyyət göstərdilər. Həqiqətən əla oyun keçirdik”, deyə Qvardiola vurğulayıb.
Qələbə sayəsində “şəhərlilər” 9 xalla “G” qrupunun liderli olublar. “Leypsiq” 6 xalla 2-ci yerdə qərarlaşıb. “Yanq Boyz” və “Srvena Zvezda” isə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü yerlərdə “lövbər salıblar”.


