Ançelotti: “Bellingem “el klasiko”da oynayacaq”

“Real” baş məşqçisi Karlo Ançelotti komandasının ingilis mərkəz yarımmüdafiəçisi Cud Bellingemin fiziki vəziyyəti ilə bağlı şərh verib.

Arena.az bu barədə “El Mundo” dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, futbol ictimaiyyəti Çempionlar Liqasında “Real”ın “Braqa”nı 2:1 hesabı ilə məğlub etdiyi oyunun sonlarında əzələ narahatlığı səbəbindən əvəzlənmiş Bellingemin səhhəti ilə bağlı qayğılı idi.

“Bellingem sol əlavəedici əzələsində yüngül narahatlıq yaşayır, amma onun “el klasiko”da iştirakı təhlükə altında deyil. Çəmən bir az yumşaq idi və Cud azacıq zədələndi, amma o, tez sağalır. O da hamı kimi yorğun idi. “Braqa” ilə oyunda Bellingem müdafiədə inanılmaz iş gördü”, deyə Ançelotti bildirib.

“Barselona” ilə “Real” arasındakı qarşılaşma oktyabrın 28-də Kataloniyada baş tutacaq. Bu oyuna Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 12 oyunda 11 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: