“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti La Liqa çərçivəsində qarşıdakı “el klasiko” oyunu haqda fikirlərini paylaşıb.
Arena.az “Mundo Deportivo”ya istinadən Ançelottinin fikirlərini təqdim edir:
“El klasiko”da, derbidəki kimi, heç vaxt favorit olmur. Ola bilər ki, bir komanda digərindən daha yaxşı çıxış edir. Biz oyuna yaxşı hazırlaşmışıq, amma “Barselona” da. Bu əyləncəli və yüksək rəqabətli oyun olacaq. ümidvaram ki, azarkeşlər bundan həzz alacaqlar.
Bu, üç xalı olan vacib oyundur. Bu, komandanın dinamikası üçün çox vacibdir, çünki “el klasiko”da qalib gəlmək azarkeşlər və bizim hamımız üçün çox vacibdir. Bununla belə, mövsüm hələ çox uzun olduğundan, xal toplamaq baxımından bunun həlledici oyun olduğunu demək hələ tezdir. “Jirona” və “Atletiko” bizimlə rəqabət aparırlar. Ona görə də cari La Liqa mövsümü sona qədər rəqabətli olacaq”, deyə Ançelotti vurğulayıb.
“Barselona” – “Real” oyunu bu gün – oktyabrın 28-də keçiriləcək. “Barsa”nın doğma stadionu “Kamp Nou” yenidənqurmaya bağlandığından, kataloniyalılar “el klasiko”nu “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcəklər. Oyuna Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.
Geridə qalmış 2022/2023 mövsümünün İspaniya çempionatı çərçivəsində kataloniyalılar və madridlilər “el klasiko”da hərəyə 1 qələbə qazanıblar: 9-cu turda Karlo Ançelottinin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər, 26-cı turda isə Xavinin “Barselona”sı “qaymaqlılar”ı 2:1 hesabı ilə məğlub edib.
Qarşıdakı “el klasiko” həm də turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Belə ki, “Real” 10 turdan sonra 25 xal toplayıb və ikinci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədə qərarlaşıb. İspaniya futbolunun iki nəhəngini hazırda “Jirona” qabaqlayır. Bu turun açılış matçında qələbə qazanmaqla xalını 28-ə çıxaran “Jirona” mövsümün ən sürpriz komandasına çevrilməkdədir.


