Ançelotti “Barselona”da bu iki oyunçunu fərqləndirdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqada “el klasiko” öncəsi “Barselona”da hansı futbolçuları fərqləndirə biləcəyi haqda danışıb:

Arena.az “Mundo Deportivo”ya istinadən Ançelottinin bu barədə fikirlərini təqdim edir:

“Mən onların hamısını bəyənirəm. Son zamanlar Yamal çox fərqlənirdi – o, çox yaxşı oynayır və hücumçu kimi təhlükəlidir. Fermin də gözəl oyunlar oynadı. Onlar gəncdirlər və gələcəkləri var. Bellingem, Vinisius, Arda Gülər, Kamavinqa, Tçuameni kimi təsirli imkanları olan oyunçularımız da var. “Real”ın gənclər komandasından da çoxlu oyunçumuz var”, deyə Ançelotti bildirib.

“Barselona” – “Real” oyunu bu gün – oktyabrın 28-də keçiriləcək. “Barsa”nın doğma stadionu “Kamp Nou” yenidənqurmaya bağlandığından, kataloniyalılar “el klasiko”nu “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcəklər. Oyuna Bakı vaxtı ilə saat 18:15-də start veriləcək.

Geridə qalmış 2022/2023 mövsümünün İspaniya çempionatı çərçivəsində kataloniyalılar və madridlilər “el klasiko”da hərəyə 1 qələbə qazanıblar: 9-cu turda Karlo Ançelottinin yetirmələri 3:1 hesabı ilə qalib gəliblər, 26-cı turda isə Xavinin “Barselona”sı “qaymaqlılar”ı 2:1 hesabı ilə məğlub edib.

Qarşıdakı “el klasiko” həm də turun mərkəzi görüşü kimi əlamətdar olacaq. Belə ki, “Real” 10 turdan sonra 25 xal toplayıb və 2-ci pillədə qərarlaşıb. “Barselona” isə 24 xalla 3-cü pillədədir. İspaniya futbolunun iki nəhəngini hazırda “Jirona” qabaqlayır. 11-ci turun açılış oyununda qələbə qazanmaqla xalını 28-ə çıtdırmış “Jirona” mövsümün ən sürpriz komandasına çevrilməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: