Erlinq Haland: “Bu hissi yaşayın, heyrətamizdir”

“Mançester Siti”nin norveçi hücumçusu Erlinq Haland “France Football” nəşrindən ilin ən yaxşı bombardiri mükafatını almasından danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən Halandın bu barədə fikirlərini təqdim edir:

“Mənə özüm olmağıma imkan verən klub – “Mançester Siti”yə təşəkkür etmək istəyirəm. Mən həm də ailəmə və ətrafımdakı hər kəsə təşəkkür edirəm.

Gördüyüm işdə yaxşı olduğum üçün qarşınızdayam. Gənclərə məsləhətim? Aclıq, istək hiss etməyə davam edin. Bu hissi yaşayın, heyrətamizdir.

Mən, görkəmli çalışdırıcı və onun qərargahı tərəfindən idarə edilən görkəmli komanda – “Mançester Siti”dəyəm. Bir çox amillər üst-üstə gəlib. Mən komandaya kömək etdim və bəli, bu, fantastik bir mövsüm idi”, deyə Haland bildirib.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 15 oyuna 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 68 oyun, 65 qol, 12 məhsuldar ötürmə.

Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: