“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu klubların futbolçu almağa pul xərcləmələrinə münasibətindən danışıb.
Arena.az BBC-yə istinadən yunanəsilli avstraliyalı mütəxəssisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Heç vaxt bunun sadəcə pul xərcləmək olduğunu düşünmürdüm. Bir komandada 24 dünya səviyyəli futbolçunun olması mümkün deyil. Bu, heç vaxt işləmir. Bu, sübut edilib.
Sübut edilib ki, ən yaxşı futbolçuları almaq üçün sadəcə olaraq sonsuz miqdarda pul xərcləmək fəsadın həlli deyil. Bunun sirri komandada düzgün “kimya” yaratmaqdır. Mən tarazlı komandanı nəzərdə tuturam. Ola bilsin ki, bəzi oyunçular hər oyunda iştirak etməyə bilər, amma onlar meydana çıxanda oyunun gedişinə təsir edəcəklər”, deyə Postekoqlu bildirib.
Xatırladaq ki, Postekoqlunun rəhbərliyi altında “Tottenhem” İngiltərə Premyer Liqasının 10 turundan sonra 26 xalla turnir cədvəlinə başçılıq edir.
Angelos Postekoqlu “Tottenhem”ə italyan mütəxəssis Antonio Kontenin istefasından sonra gətirilib. “Ange” cari ilin iyul ayının 1-dən vəzifəsinin icrasına başlayıb. “Mahmızlar” mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
57 yaşlı Postekoqlu buna qədər 2021-ci ilin yayından çalışdırdığı “Seltik”də 2 dəfə Şotlandiya Premyer Liqasını və Liqa Kubokunu, həmçinin Şotlandiya Kubokunu qazanıb. Postekoqlunun Avstraliyanın U-17, U-20 və həmçinin əsas yığmasında böyük iş təcrübəsi var.
“Ange” “Tottenhem”i 11 oyuna çıxarıb, 8 qələbə qazanıb, 2 heç-heçə edib, 1 məğlubiyyət alıb. “Mahmızlar” Postekoqlunun rəhbərliyi altında 26 qol vurublar, 15 qol buraxıblar.
Maraqlıdır ki, Postekoqlu komandanın lideri, ingilis hücumçu Harri Keynin gedişindən sonra heyəti tarazlayaraq, rəqabətəqadir kollektivə çevirə bilib. Vurğulayaq ki, mövsümöncəsi futbol təhlilçiləri Keynin “Bayern”ə gedişi ilə “mahmızlar”ın zəifləyəcəyini təxmin edirdilər.


