Karlo Ançelotti ÇL-də Aleks Ferqyusonun rekordunu qırdı

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti məşqçi kimi Çempionlar Liqasında ən çox qalibiyyət rekordu vurub.

Arena.az məlumat verir ki, Ançelotti baş məşqçi kimi 116-cı qələbəsini qazanaraq “Mançester Yunayted”in sabiq çalışdırıcısı Aleks Ferqyusonun nailiyyətini fəth edib.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Ançelotti buna qədər “Everton”da işləyirdi.

Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirdiyi oyunda “Real” səfərdə “Braqa”nı 3:0 hesabı ilə məğlub edib. 4 turdan sonra bütün oyunları qələbə ilə başa vurmuş “Kral klubu” turnirin pley-off mərhələsinə vəsiqəsini təmin edib.

5-ci tur çərçivəsində “Real” noyabrın 29-da “Napoli”ni qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: