“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah oktyabr ayı üçün İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
Arena.az məlumat verir ki, Salah “Liverpul”un heyətində oktyabrda keçirdiyi 3 oyunda 5 qol vurub və “qırmızılar”ın 7 xal qazanmasına kömək edib.
Ötən ay “Liverpul” “Brayton” (2:2), “Everton” (2:0) və “Nottingem Forest” (3:0) ilə oynayıb. Salah üçün bu mükafat karyerasında 5-ci olub.
Premyer Liqanın 11 turundan sonra “Liverpul” 24 xalla lider “Mançester Siti”dən 3 xal geridə, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Salah cari mövsümdə İngiltərə Premyer Liqasında 11 oyunda 8 qol vurub, həmçinin 4 məhsuldar ötürmə edib. Misirli hücumçu cari mövsümün bütün yarışlarda isə 16 oyuna 10 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.
Salah 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 91 oyun keçirib, 51 qol vurub, 29 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı Məhəmməd Salahı 65 milyon avro məbləğində qiymətləndirir.



