“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın “Valensiya”nı 5:1 hesabı ilə məğlub etdiyi La Liqanın 13-cü tur oyununu şərh edib.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Bu, bizim ən yaxşı oyunumuz idi. “Valensiya” ən yaxşı səviyyəni göstərə bilmədi, çünki çox yaxşı oyun keçirdik. İlk 15 dəqiqədə daha yaxşı müdafiə oluna bilərdik, qalan halda da oyun mükəmməl keçdi.
Son üç oyunda çox yaxşı oynadıq. “Rayo Valyekano” ilə oyunda bəxtimiz gətirmədi, amma digər iki oyunda tam, keyfiyyətli, güclü, məqsədyönlü komanda idik”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, La Liqada keçirdiyi 13 oyundan sonra “Real” 32 xal toplayıb və 2 xal geridə qaldığı lider “Jirona”nı addım-addım izləyir.


