Monteneqronun Budva şəhərində təşkil olunmuş şahmat üzrə komandalar arasında Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, mötəbər yarışda iştirak edən Azərbaycanın yığma komandaları bu gün növbəti görüşlərini keçiriblər.
Kişilərdən ibarət yığmamız 2-ci tur çərçivəsində Slovakiya millisi üzərində qələbəyə sevinib. Qadınlardan ibarət millimiz isə Niderland yığmasını məğlub edib.
Slovakiya – Azərbaycan 1,5:2,5
Cerqus Peçak – Teymur Rəcəbov 0,5:0,5
Viktor Qazik – Rauf Məmmədov 0:1
Yuray Druska – Nicat Abbasov 0,5:0,5
Filip Harinq – Vasif Durarbəyli 0,5:0,5
Xatırladaq ki, kişilərdən ibarət millimiz ilk turda Danimarkaya uduzmuşdu – 1,5:2,5.
Azərbaycan – Niderland 2,5:1,5
Günay Məmmədzadə – Elin Roberts 0,5:05
Gövhər Beydullayeva – Maçteld Van Forest 0:1
Xanım Balacayeva – Tea Lançhava 1:0
Gülnar Məmmədova – Anna-Maya Kazaryan 1:0
Xatırladaq ki, qadınlardan ibarət millimiz ilk turda da Sloveniyanı 2,5:1,5 hesabıyla üstələmişdi.
9 turdan ibarət olacaq şahmat üzrə Avropa çempionatı noyabrın 21-də başa çatacaq. Kişilərdən ibarət millimiz üçüncü turda İsveç yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət yığmamız isə Polşa ilə münasibətlərinə aydınlıq gətirəcək.
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov və Vasif Durarbəyli yer alıblar. Qədir Hüseynov qitə çempionatına kapitan qismində yollanıb.
Qadın şahmatçılardan ibarət milliyə isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova daxildirlər. Qadın yığmasının kapitanı Mixail Şereşevski ilə Yevgeni Tomaşevskidir.


