“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 12-ci turunda “Mançester Siti” ilə heç-heçəni (4:4) şərh edib.
Arena.az “Çelsi”nin rəsmi saytına istinadən argentinalı mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mən çox qürur duyam və xoşbəxtəm. Oyunçular tərifə layiqdirlər, çünki onların bu gecəki çıxışı heyrətamiz idi. Fikrimcə, dünyanın ən yaxşısı olan komanda ilə qarşılaşdıq. Oyun zamanı bir çox anlar məni qürurlandırdı. Belə oyun sərgiləməyimiz həqiqətən əla idi. Əlbəttə ki, hər zaman təkmilləşdirmək üçün nəsə var, amma bu, təbii bir prosesdir. Layihəni sıfırdan qurmaq istədiyimiz yol budur. Müvafiq təcrübə və oyunlar çox vacibdir və oyunçularımızı və komandamızı daha güclü edəcək. İndi isə qazanılmış təcrübədən növbəti oyunlarda istifadə etməliyik”, deyə Poçettino bildirib.
Heç-heçəyə rəğmən, “Mançester Siti” 28 xalla Premyer Liqanın turnir cədvəlində liderliyini qoruya bilib. “Zadəganlar” isə 16 xalla “ekvator”da – 10-cu sırada qərarlaşıblar.


