İspaniya La Liqasında mübarizə aparan “Vilyarreal”ın baş məşqçisi Xose Roxo Martin (Paçeta ləqəbi ilə tanınır) vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Klubun mətbuat xidməti komandaya müvəqqəti olaraq “Vilyarreal”ın futbol direktoru Migel Anxel Tenanın rəhbərlik edəcəyini açıqlayıb.
Xatırladaq ki, Paçeta “Vilyarreal”ın baş məşqçisi postunda Kike Setyeni əvəz etmişdi. 55 yaşlı ispan mütəxəssislə bu mövsümün sonuna (2024-cü ilin 30 iyununa) kimi müqavilə imzalanmışdı. Amma o, cəmi 2 ay bu postda duruş gətirə bilib. Komanda bu mütəxəssisin rəhbərliyi altında cəmi 12 oyuna çıxıb və 5 qələbə qazanıb, 3 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.
Paçeta daha öncə “Valyadolid”, “Hueska”, “Elçe”, “Ratçaburi”, “Korona”, “Kartaxena”, “Real Ovyedo” və “Numansiya”da da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Vilyarreal” bu mövsüm La Liqada keçirdiyi 13 oyundan sonra 12 xalla 14-cü pillədə qərarlaşıb.


