Erlinq Haland Çempionlar Liqasında iki rekord müəyyənləşdirdi

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında iki yeni rekorda imza atıb.

Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.

Xatırladaq ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Leypsiq”i qəbul etmiş “Mançester Siti” 0:2 hesabı ilə geridə olduğu oyunda geri-dönüş edərək 3:2 hesablı qələbə qazanıb. “Şəhərlilər”in ilk qolunu vurmuş Haland turnirdə eyni zamanda iki rekord müəyyənləşdirib.

Haland Çempionlar Liqasında 40 qola ən tez çatmış futbolçu olub. Bunun üçün norveçli qolçuya 35 oyun keçirmək kifayət edib.

Haland eyni zamanda PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappenin rekordunu da qırıb. O, UEFA Çempionlar Liqasında 40 qol vurmuş ən gənc futbolçu olub (23 yaş, 130 gün).

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 20 oyuna 19 qol vurub və 4 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 73 oyun, 71 qol, 13 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin Premyer Liqanın cari mövsümünü ən sərrast futbolçusudur – 14 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: