Ançelotti “Napoli” üzərində qələbəsindən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 5-ci turunda “Napoli” ilə oyunda qazandığı qələbə (4:2) haqda danışıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, hər iki komandanın çox açıq oyunu idi, heç bir geri çəkilmə yox idi, çoxlu qollar və imkanlar oldu. Sanki yorğunluğun güc gəldiyini görəndə, biz nəticə əldə etmək üçün təzə güc tapdıq. Düşünürəm ki, uğurun açarı paltardəyişmə otağındakı ab-havadır, burada oyunçular çox diqqətli və çox peşəkardırlar. Düşünürəm ki, belə gecələrdə bu, vacibdir”, deyə Ançelotti bildirib.

Beləliklə, “Real” 5 turdan mütləq nəticə – 15 xalla “C” qrupunun vahid lideridir, “qaymaqlılar” hələ ötən tur ələmə mərhələsinə vəsiqəni təmin etmişdilər. “Napoli”nin 7, “Braqa”nın 4 xalı var və qrup ikinciliyi uğrunda mübarizə sonuncu, 6-cı turda Neapolda bu komandalar arasında həllini tapacaq. Autsayder “Union Berlin”in isə 2 xalı var və Dəmir İttifaq”ın Avropa Liqasına düşmək üçün nəzəri imkanı qalır. Bunun üçün “Union” Berlində “Real”ı istənilən hesabla məğlub edib, digər cütdə “Napoli”nin qələbəsinə ümid bəsləməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: