Qvardiola və “Mançester Siti”dən antirekord

İngiltərə Premyer Liqasının 15-ci turunun “Aston Villa” – “Mançester Siti” oyunu (1:0) “şəhərlilər” üçün antirekordlarla əlamətdar olub.

Arena.az “OptaSport” statistik internet-portalına istinadən məlumat verir.

Oyunda birmingemlilər “Mançester Siti”nin qapısına 22 zərbə endiriblər. Bu, Xosep Qvardiolanın Avropanın böyük futbol beşliyi ölkələrində çalışdırdığı komandaların (535 oyun) göstəriciləri arasında ən pis nəticədir.

Həmçinin bundan da bərbad göstərici “Mançester Siti”nin rəqib qapısına oyun ərzində vurduğu 2 zərbədir ki, bunlar da birinci hissədə qeydə alınıb. İkinci hissədə “şəhərlilər” ümumiyyətlə rəqib qapısına zərbə vurmayıblar.

Eyni zamanda Qvardiola artıq ardıcıl 4 oyundur ki, Premyer Liqada qələbə üzünə həsrətdir – 3 heçə-heçə, 1 məğlubiyyət. Bu, “Mançester Siti”nin Xosep Qvardiolanın rəhbərliyi altında ən pis nəticəsidir.

“Zirvədən 6 xal. Premyer Liqanın ən yaxşısı olmağa üstünlük verərdik, amma üç dəfə heç-heçə etdik və bu gün məğlub olduq. Bu illər ərzində biz oyunlarda qalib gəlməyin yolunu tapdıq, amma bizə azacıq mübarizə aparmaq lazım gəldi və indi bu vəziyyətdən çıxmaq üçün bir yol tapmalıyıq. Mənim işim həll yolu tapmaqdır. Oyunlardakı qələbələrdən asılı olaraq dinamika dəyişir. Komanda yaxşılaşdıqda, siz bunu etiraf etməlisiniz”, – BBC Qvardioladan müvafiq xüsusda sitat gətirir.

Hazırda “Mançester Siti” 30 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: