Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində təşkil olunmuş şahmat üzrə “Vüqar Həşimov Memorialı-2023” superturnirinə yekun vurulub.
Arena.az xəbər verir ki, yarışın sonuncu – dördüncü günündə şahmatın blits növü üzrə görüşlər baş tutub.
İlk dəfə Qəbələdə təşkil olunmuş turnirin son günündə ilk gedişi Vüqar Həşimovun ailə üzvləri Ayxan Həşimov və Xanlar Allahverdiyev ediblər. Şahmatçılar isə 18 blits partiyada mübarizə aparıblar.
Rapid və blits yarışının yekun nəticəsində ümumilikdə 22 xal toplayan Hindistan təmsilçisi Santoş Vidit Qujrati turnirin qalibi adını qazanıb.
Hindistandan olan digər şahmatçı Arjun Eriqaisi 21,5 xalla ikinci yeri tutub. Rixard Rapport (Rumıniya) isə 19 xalla üçüncü olub.
Digər şahmatçılların göstəriciləri belə olub: Rauf Məmmədov, Aydın Süleymanlı (hər ikisi Azərbaycan) – 18,5. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov (hər ikisi Azərbaycan) – 18 xal. Yorden Van Forest (Niderland) – 17 xal. Nicat Abbasov (Azərbaycan) – 15 xal. Boris Qelfand (İsrail) – 12,5 xal.
Xatırladaq ki, Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə baş tutub. Dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2 (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana (2021) və özbəkistanlı Nodirbek Abdusattorov (2022) isə hərəyə 1 dəfə turnirin qalibi olublar.


