Futbol üzrə İtaliya milli komandasının sol cinah müdafiəçisi Destini Udoci İngiltərənin “Tottenhem” klubu ilə yeni müqavilə imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.
Xatırladaq ki, “Tottenhem” Destini Udocini 2022-ci ilin yayında İtaliyanın “Udineze” klubundan transfer etsə də, onu ötən mövsümün sonuna kimi elə bu kluba icarəyə vermişdi. Cari mövsümün əvvəlindən isə Udoci London təmsilçisinin uğurları üçün çalışır. O, “Tottenhem”də indiyə qədər 14 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Destini Udoci “Verona”nın yetirməsidir. O, 2021-ci ildən “Udineze”də çıxış edirdi. Müdafiəçi bu ilin oktyabr ayında debüt etdiyi İtaliya yığmasında 2 oyunda forma geyinib.
“Transfermarkt” internet portalı 21 yaşlı futbolçunu 38 milyon avro dəyərində qiymətləndirir.



