İspaniya nəhəngi Madridin “Real” klubu Çempionlar Liqasının cari mövsümündə 42 milyon avro məbləğində pul mükafatı qazanıb.
Arena.az məlumat verir ki, “kral klubu” müvafiq məbləği turnirin qrup mərhələsinin 6 oyununda 6 qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi və cari turnirdə iştirak amilinə görə alıb.
Sözügedən komanda qrup mərhələsindəki 6 oyunda 6 qələbəyə görə 16,8 milyon avro gəlib əldə edib. Madrid təmsilçisi turnirin 1/8 final mərhələsinə yüksəldiyi üçün isə 9,6 milyon avro qazanıb.
“Real” sadəcə cari mövsümdə qitənin ən mötəbər klub turnirində iştirakına görə isə daha 15,6 avro qazanc əldə edib.
Xatırladaq ki, bir gün əvvəl, dekabrın 12-də Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasının qrup mərhələsinin sonuncu, 6-cı turu çərçivəsində səfərdə “Union Berlin”ə 3:2 hesabı ilə qalib gəliblər. 18 xal toplamış komanda qrupu lider olaraq tamamlayıb və ələmə mərhələsinə yüksəlib.
Dekabrın 17-də “Real” La Liqanın 17-ci turu çərçivəsində “Vilyarreal”la qarşılaşacaq. La Liqada keçirdiyi 16 oyundan sonra komanda 39 xalla 2-cidir. La Liqaya 41 xalla “Jirona” başçılıq edir.


