Qvardiola “Mançester Siti”nin qış transfer planlarından danışdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klubunun qış pəncərəsi üçün transfer planlarından danışıb.

Arena.az məşhur italyan jurnalist-insayder Fabriso Romanoya istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Hazırda bu barədə heç bir fikrim yoxdur. Ancaq hər şey kiminsə bizi tərk edib-etməməsindən asılıdır. Bunun baş verib-verməyəcəyini bilmirəm.

Bəziləri qalır, bəziləri isə gedirlər. Hər şey oyunçuların sayından və ümid etdiyimiz gənclərin özünü doğruldub-doğrultmamasından asılıdır”, deyə “Pep” bildirib.

Xatırladaq ki, Qvardiolanın yetirmələri Çempionlar Liqasının qrup mərhələsini qalib qismində başa vurub 1/8 final mərhələsinə vəsiqə qazanıblar. “Şəhərlilər” Premyer Liqanın 17 turundan sonra 34 xalla 4-cü pillədə qərarlaşıblar. Premyer Liqaya 37 xalla “Liverpul” başçılıq edir.

Xosep Qvardiola “Mançester Siti”ni 2016-cı ilin iyul ayından çalışdırır. İspan mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Ötən mövsüm Qvardiola “Mançester Siti”yə klubun tarixində ilk “trebl”i qazandırıb.
“Şəhərlilər” İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun və UEFA Çempionlar Liqasının qalibi olublar. Ümumiyyətlə “Pep” “Mançester Siti”nin ən uğurlu və ən şanlı tarixinin memarıdır.
İspaniyalı mütəxəssis daha öncə “Barselona” və “Bayern” komandalarını çalışdırıb, xüsuilə “Barselona”nın tarixi uğurlarında müstəsna xidmətlər göstərib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: