Rodriqo Ernandes Messi və Beylin nailiyyətini təkrarladı

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriqo Ernandes FIFA Klub Dünya Kubokunun finalında müstəsna nailliyətə imza atıb.

Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, Rodri FIFA Klub Dünya Kubokunun “Qızıl topu”nu və həmçinin daha öncə 2022/2023 mövsümü Çempionlar Liqasının final oyununun ən yaxşı oyunçusu adını qazanmaqla, əvvəllər argentinalı hücumçu Lionel Messinin (2011) və uelsli hücumçu Qaret Beylin (2018) nail olduğu uğurları təkrarlamış ilk futbolçu olub.

Xatırladaq ki, klublararası dünya çempionatının final oyununda “Mançester Siti” “Fluminese üzərində 4:0 hesablı qələbə qazanaraq, ilk dəfə bu titula sahib olub.

Rodri “Atletiko Madrid”in yetirməsidir. İspan “dayaqçı” “Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 22 oyuna çıxıb, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.

Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.

Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 48 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı Rodrini 110 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: