Məhəmməd Salah müstəsna tarixi rekorda imza atdı

İngiltərə Premyer Liqasının 18-ci turunun “Liverpul” – “Arsenal” oyunu “qırmızılıar”ın misirli hücumçusu Məhəmməd Salah üçün əlamətdar olub.

Arena.az xatırladır ki, 1:1 hesabı ilə başa çatmış oyunun 29-cu dəqiqəsində Salah komandasının bərabərlik qolunu vurub.

Bu qol, Salahın İngiltərə Premyer Liqasında “topçular”ın qapısına vurduğu 10-cu qoldur. Beləliklə Salah İngiltərə Premyer Liqası tarixində “Arsenal”, “Mançester Siti” (11) və “Mançester Yunayted” (12) komandalarına qarşı 10-dan çox qol vurmağı bacarmış yeganə futbolçu olub.

Bundan əvvəl Salah İngiltərə Premyer Liqasının ən sərrast futbolçularının onluğuna daxil olmuşdu, misirli hücumçu 150 qol vurmuş Maykl Ouenə çatmışdı. Hazırda Salahın İngiltərə Premyer Liqasında 151 qolu var.

Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 25 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 93 oyun keçirib, 53 qol vurub, 30 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 31 yaşlı sağ vinger Məhəmməd Salahın transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: