Yurgen Klopp: “Aman tanrım, onlar nə qədər güclüdürlər?”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 18-ci turunda komandasının “Arsenal”la heç-heçəsini (1:1) şərh edib.

Arena.az BBC-yə istinadən alman mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Aman tanrım, onlar nə qədər güclüdürlər? Yaxşı xəbər odur ki, biz də yaxşıyıq. Belə bir oyunda, xüsusən də “Arsenal”ın sürətini nəzərə alsaq, dərhal yüksək səviyyə göstərmək çətindir. Amma göstərdiyimiz oyun, ikinci hissəyə necə başlamağımız – qol vurmalıydıq.

Vurmaq əvəzinə biz ötür-ötürdəyik, dörd-beş dəfə bunu edirik, bu, bizim üçün dərsdir. Amma ümumilikdə bu, əla oyun oldu”, deyə Klopp bildirib.

Yurgen Klopp həmçinin oyunun baş hakimi Kris Kavananın “Arsenal”ın yarımmüdafiəçisi Martin Edeqotun öz cərimə meydançasında əllə oynamasından sonra penalti təyin etməmək qərarına gəldiyi məqama da münasibətini bildirib:

“Penalti ilə bağlı vəziyyət qəribədir, hakimin bunu görüb-görmədiyini bilmirəm, amma siz buna baxırsınız və bunun penalti olmadığını necə deyə biləcəyinizi başa düşmürəm”.

Xatırladaq ki, oyunun 18-ci dəqiqəsində “Liverpul”un misirli vingeri Məhəmməd Salah topu “topçular”ın cərimə meydançasına itələyib. Qonaqların yarımmüdafiəçisi Edeqor isə əli aşağı salınmış halda topun hərəkətini dayandırıb. Baş hakim Kavana qayda pozuntusunu qeydə almayıb və penalti təyin etməyib, VAR hakimləri isə bu məqama müdaxilə etməyiblər.

Turun mərkəzi görüşündəki heç-heçə sayəsində komandalar Premyer Liqanın turnir cədvəlində mövqelərini qoruyublar. 18 turdan sonra “Arsenal” 40 xalla liderliyini sürdürür, 39 xalla 2-ci olan “Liverpul” isə “topçular”ı daban-daban təqib edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: