İngiltərə Premyer Liqasının 18-ci turunun “Liverpul” – “Arsenal” oyunu “qırmızılar”ın misirli vingeri Məhəmməd Salah üçün əlamətdar olub.
Arena.az məlumat verir 1:1 hesabı ilə başa çatmış oyunda Salah komandasının bərabərlik qolunu vurub.
“Opra Sports” statistik internet-portalının məlumatına görə, bununla da misirli hücumçu “Enfild”də keçirilmiş oyunlarda 121-ci dəfə səmərəli fəaliyyətə imza atmış olub. Bu isə doğma meydanda “Liverpul”un klub rekordudur.
Beləliklə Salah “Enfild”də 120 səmərəli fəaliyyətə imza atmış, “qırmızılar”ın ingilis sabiq yarımmüdafiəçisi Stiven Cerrardın rekordunu üstələyib. Salah həmçinin qol və məhsuldar ötürmə cəmi üzrə 100 xal həddinə çatmış, komandanın sabiq hücumçusu Robbi Faulerin göstəricisini geridə qoyub.
Məhəmməd Salahın “Liverpul”un “Enfild”də keçirdiyi oyunlarında 88 qolu, 33 məhsuldar ötürməsi var.
Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi Salahın “Roma”dan transferi üçün 42 milyon avro xərc çəkib. Misirli ulduzun “qırımızlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Salah “qırmızılar”ın heyətində bütün yarışlarda 25 oyuna 16 qol vurub, 8 məhsuldar ötürmə verib. Salahın “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 330 oyun, 202 qol, 87 məhsuldar ötürmə.
Misirli hücumçu “Liverpul”la bütün mümkün ali klub turnirlərinin qalibi olub.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 93 oyun keçirib, 53 qol vurub, 30 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı sağ vinger Məhəmməd Salahın transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


