“Roma”nın baş məşqçisi Joze Mourinyo çalışdırdığı paytaxt komandasının futbolçuları ilə qarşılıqlı münasibətindən danışıb.
Arena.az “Roma Press” dərgisinə istinadən portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Oyunçularla əla münasibətimiz var və bu, mənə bəzən daha aqressiv və tənqidi yanaşmağa imkan verir. Sevdiyimiz insanlara təəssüb göstərmək, onlarla mübahisə etməyi və onları yenidən sevməyi mümkün edir.
Mən onlarla işləməyi xoşlayıram və düşünürəm ki, futbolçular da öz növbəsində mənimlə işləməyi xoşlayırlar”, deyə “Mour” əminliklə bildirib.
Hazırda Mourinyonun “canavarlar”ı İtaliya A Seriyasının 17 turundan sonra 28 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.
“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


