İngiltərə Premyer Liqasının 18-ci turunda səfərdə “Vulverhempton”a 1:2 hesabı ilə məğlub olmuş “Çelsi”ni qeyri-adi cəza gözləyir.
Arena.az məlumat verir ki, oyunun gedişində London təmsilçisinin futbolçuları 6 sarı vərəqə alıblar.
“Daily Mail” bildirir ki, bu səbəbdən İngiltərə Futbol Assosiasiyasının (The FA) qaydalarına əsasən, “zadəganlar” cərimələnəcəklər.
“Bir komandanın 6 və ya daha çox oyunçusuna 1-ci və ya 3-cü səviyyə oyununda xəbərdarlıq edilərsə və ya meydandan qovularsa, Assosiasiya kluba qarşı intizam tənbehi tətbiq edəcək”, – İngiltərə Futbol Assosiasiyasının intizam külliyyatında deyilir.
Xəbərdarlıq “sarı”sı almış “zadəganlar” bunlardır:
Konor Qallaher, Koul Palmer, Malo Qyusto, Nikolas Cekson, Rahim Sterlinq və Markus Bettinelli.
Klubun cəzalanması müqabilində London klubunun bu “saralmışlar”a hansı cəzanı tətbiq edəcəyi haqda məlumat verilmir.
Hazırda “Çelsi” Premyer Liqada keçirdiyi 18 oyundan 22 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Premyer Liqaya 40 xalla “Arsenal” başçılıq edir.


