Premyer Liqanın 19-cu turu çərçivəsində doğma meydanda “Liverpul”a 0:2 hesabıyla uduzmuş “Börnli” antirekorda imza atıb.
Arena.az xəbər verir ki, sözügedən komanda arzulamadığı nəticəni mövsümün ilk 10 ev oyununun 9-da uduzaraq reallaşdırıb.
Bununla da Börnlinin eyniadlı təmsilçisi İngiltərə futbolu tarixinin yeni antirekorduna imza atıb. Belə ki, indiyə qədər İngiltərənin elitasında heç bir klub belə aqibətlə üzləşməmişdi.
Xatırladaq ki, “Börnli” bu mövsüm İngiltərə Premyer Liqası çərçivəsində keçirdiyi 10 ev oyununda 9 məğlubiyyət qarşılığında cəmi 1 qələbə qazanıb. Bütövlükdə isə bu komanda 19 oyuna 3 qələbə qazanıb, 2 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb. Komanda topladığı 11 xalla 20 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb. Börnlilər yalnız 9 xalla sonuncu pillədə qərarlaşmış “Şeffild Yunayted”i qabaqlayırlar.


