“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın Premyer Liqanın 19-cu turunda “Vest Hem”lə oyununda məğlubiyyətini (0:2) şərh edib.
Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirllərini təqdim edir:
“Layiq olduğumuzu düşündüyüm şeyi ala bilmədik. Biz olduğumuz yerdəyik. Mənə elə gəlir ki, biz həqiqətən yaxşı vəziyyətdəyik”, – deyə Arteta oyun haqda ümumən qısaca bildirib.
İspan mütəxəssis rəqibin vurduğu mübahisəli qol haqda da danışıb:
“Olan budur. Əgər top meydandan çıxırsa, hal-hazırda əlimizdə olan texnologiya bü xüsuda kifayət qədər aydın deyil”, deyə Mikel Arteta bildirib.
Xatırladaq ki, ilk hissənin əvvəlində Carrod Bouen topun ola bilsin meydandan kənara çıxmasından sonra topu Tomaş Souçekə ötürüb və Souşek 13-cü dəqiqədə hesabı açıb. Baş hakim Maykl Oliver VAR ilə məsləhətləşdikdən sonra qolu hesaba almaq qərarına gəlib.
“Biz 100 dəqiqə ərzində üstünlük nümayiş etdirdik. Vacib məqamlarımız olanda cərimə meydançasında tam sərbəst oyunçularımız vardı. Düşünürəm ki, futbolçular böyük səy göstərdilər. Hazırda paltardəyişmə otağında çətin vəziyyət hökm sürür, amma 72 saat sonra başqa oyunumuz var. Bu, futboldur, müəyyən sahələrdə inkişaf etməliyik”, deyə ispan mütəxəssis “topçular”ın cari vəziyyəti haqda açıqlama verib.
Vurğulayaq ki, bütün yarışlar çərçivəsində keçirdiyi son 5 oyunda “Arsenal” cəmi 1 qələbə qazanıb.
19 turdan sonra “Arsenal” liderliyini itirərək, birinci dövrəni 40 xalla 2-ci pillədə başa vurub. “Vest Hem” isə 33 xalla 6-cı pillədədir. Premyer Liqaya 42 xalla “Liverpul” başçılıq edir.
Premyer Liqanın ikinci dövrəsinə, 20-ci tura “Arsenal” dekabrın 31-də “Fulhem”ə qarşı səfər oyunu ilə başlayacaq.


