Nicat Abbasov FIDE reytinqini tərk etdi, “Şah” irəlilədi

2023-cü ildə Bakıda təşkil olunmuş şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutmuş Nicat Abbasov FIDE reytinqini tərk edib.

Arena.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu gün 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb.

Azərbaycanın 5 şahmatçısı yeni ilin ilk reytinq cədvəlində irəliləyib. Şəhriyar Məmmədyarov hesabındakı 2726 əmsalla iki pillə irəliləyib. O, hazırda 24-cü yerdə qərarlaşıb. Teymur Rəcəbov (2723) əvvəlki mövqeyində qalıb. Millimizin liderlərindən olan qrossmeyster hazırda 27-cidir.

Azərbaycanın ilk “100-lük”dəki digər şahmatçısı Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. O, 2651 əmsalla 87-ci pilləyə yüksəlib. Əvəzində digər şahmatçımız Nicat Abbasov siyahını tərk edib.

Kişilərin reytinq cədvəlinə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Hikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb.

Azərbaycanın qadın şahmatçılarından ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2449 xalla 26-cı pillədə qədər irəliləyib. Ülviyyə Fətəliyeva (2384) 64-cü pilləyə yüksəlib. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar Məmmədova (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva (2350) isə bir addım geriləyib. O, hazırda 99-cu yerdə qərarlaşıb.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. Hindistandan olan Humpi Koneru (2554) ikinci pilləyə yüksəlib. FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: