PSJ-nin prezidenti Nasser Əl-Xelaifiyə qarşı iyul ayında aparılmış istintaqın təfərrüatı ictimaiyyətə məlum olub.
Arena.az bu barədə “Mediapart” dərgisinə istinadən məlumat verir.
Fransa klubunun rəhbəri adam oğurluğunda iştirakda ittiham edilib.
Mənbənin məlumatına görə, iyul ayında Qətərdə lobbiçinin oğurlanması ilə bağlı polisin Nasser Əl-Xelaifiyə qarşı keçirdiyi əməliyyat zamanı PSJ prezidenti şəxsi təyyarəsində özünü bir saat müddətində kilidləyərək, gizlənib. Bu müddətdə Qətərin yüksək rütbəli rəsmiləri polisi hədələyiblər. Onlar Fransa nazirləri Katrin Kolonne və Jerald Darmanenə zəng vurub çıxış yolu tapmağa çalışıblar.
Məlum olub ki, Əl-Xelaifi Qətərə 2022-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnun verilməsi və Əl-Xelaifinin təmsil etdiyi “BeIN Media” şirkətinə 2026-cı və 2030-cu illər üzrə dünya çempionatının televiziya hüquqlarının yayımlanması hüquqlarının verilməsi ilə bağlı məlumatı olan 42 yaşlı lobbiçi Tayeb ben Abderrahmanın oğurlanmasında iştirakda ittiham edilib.


