“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın İspaniya La Liqasının birinci dövrəsində çıxışını qiymətləndirib.
Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Düşünürəm ki, ilk dövrədə daha yaxşı çıxış edə bilməzdik. Amma biz irəliyə baxmalıyıq. Cəmi 11 qol buraxılıb? Mən bu statistikadan çox razıyam. Bu, fədakarlığın bir nümunəsidir. “Atletiko” ilə oyunda yaranmış fəsadı həll etdik. Həmin oyunda zəif müdafiə olunduğumuzu anladıq”, deyə təcrübəli məşqçi bildirib.
Vurğulayaq ki, sentyabrın 24-də La Liqanın 6-cı turu çərçivəsində “Real” səfərdə “Atletiko”ya 1:3 hesabı ilə məğlub olmuşdu. Karlo Ançelotti bu oyunu çox diqqətlə incələmiş və xeyli təhlil apararaq, müvafiq xətalara bir daha yol verməyib.
La Liqanın birinci dövrəsindən, 19 turdan sonra “Real” və “Jirona” 48 xalla müvafiq olaraq 1-ci və 2-ci yerləri bölüşürlər. “Kral klubu”, liderliyinə ortaq olan “Jirona”nı daha yaxşı top fərqinə görə qabaqlayır.


