“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Kubokunun 1/32 finalında “Liverpul”a məğlubiyyətdən (0:2) sonra vəziyyəti qiymətləndirib.
Arena.az məlumat verir ki, ispan mütəxəssis “topçular”ın düçar olduğu bu uğursuzluq zolağından çıxmaları üçün qış fasiləsindən müsbət yararlanmağı vacib amil hesab edir:
“Qaçırılmış məqamların psixoloji fəsada çevrilməsi riski varmı? Bu, yəqin ki, doğrudur. Xüsusən də “Fulham” və ya “Vest Hem”lə müqayisədə daha çox imkanımız olan “Liverpul”la oyundan sonra. Buna görə də düşünürəm ki, yenidən başlamalıyıq. Fasilə – yaxşıdır. Bu, elə, düz vaxtında gəlir”, – “Sky Sports” dərgisi Artetanın sözlərindən sitat gətirib.
Hazırda “Arsenal” İngiltərə Premyer Liqasında keçirdiyi 20 oyundan 40 xal toplayıb və turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir.
Növbəti, 21-ci turda “topçular” doğma meydanda “Kristal Pelas”ı qonaq edəcəklər. Oyun yanvarın 20-də Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


