Karlo Ançelotti “Atletiko” üzərində 5:3 hesablı qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya Super Kubokunun yarımfinalında Madrid “Atletiko”suna qarşı keçirdikləri oyunu (5:3) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, bu, açıq oyun oldu, biz öz tərəfimizdən rəqibin təzyiqinə qarşı mübarizə apardıq. “Atletiko” bizim kimi, çox yaxşı oynadı, möhtəşəm bir oyun oldu, ikinci hissədə daha çox enerjimiz olduğuna görə qalib gəldik, amma “Atletiko” bizə baha başa gəldi. Yüksək təzyiq göstərməyə çalışdıq, onlar bundan yaxşı çıxdılar və iki qol vurdular, amma biz hücumda çox səmərəli olduq”, deyə Ançelotti bildirib.

Qeyd edək ki, Madrid “Atletiko”suna qarşı oyun Karlo Ançelotti üçün əlamətdar olub. O, “Real”ın sükanı arxasında baş məşqçi kimi keçirdiyi oyunların sayına görə, “qaymaqlılar”ın sabiq çalışdırıcısı, fransalı mütəxəssis Zinəddin Zidanla bərabərləşib. İndi, “Real”ın baş məşqçisi kimi, hər iki mütəxəssisin hesabında 263 oyun var.

“Real”ın baş məşçisi kimi keçirdiyi oyunları sayına görə rekordçu isə “kral klubu”nun sabiq çalışdırıcısı, ispan mütəxəssis Migel Munyosdur. Munyos “Real”ı 605 oyuna çıxarıb.

Cari mövsümdə Ançelotti “Real”ı uğurla çalışdırmaqda davam edir. İtalyan mütəxəssisin rəhbərliyi altında komanda qış fasiləsinə arxayın yollanıb. La Liqanın 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinin lideridir. “Qaymaqlılar” Çempionlar Liqasının 1/8 mərhələsinə qrup qalibi kimi çıxıblar və burada “Leypsiq”lə qarşılaşacaqlar.

Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. Buna qədər Ançelotti “qaymaqlılar”ı 2013-2015-ci illərdə çalışdırıb. İtalyan mütəxəssis “kral klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. İtalyan mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.

“Real” növbəti oyununu yanvarın 14-də keçirəcək. Karlo Ançelottinin yetirmələri İspaniya Super Kubokunun Səudiyyə Ərəbistanında keçiriləcək finalı çərçivəsində “Barselona” – “Osasuna” cütünün qalibi ilə qarşılaşacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: