“Liverpul” azarkeşləri isveçli mütəxəssis Sven-Yoran Erikssonu “Liverpul” – “Ayaks” əfsanələrinin oyununda məşqçi kimi görmək istəyirlər.
Arena.az məlumat verir ki, İngiltərə və Niderland klublarının əfsanələri arasında nəzərdə tutulmuş bu oyun cari ilin martında “Enfild”də baş tutacaq.
“Qırmızılar”ın azarkeşləri daha əvvəl bu klubu dəstəklədiyini və bu komandanın baş məşqçisi olmaq istədiyini bildirmiş Sven-Yoran Erikssonun, klub əfsanələrinin oyununda İngiltərə təmsilçisinin baş məşqçisi təyin edilməsi üçün xüsusi tədbirə başlayıblar.
Xatırladaq ki, bir müddət əvvəl Erikssonun xərçəng xəstəliyinə tutulduğu haqda məlumat yayılmışdı. Daha əvvəl, isveçli mütəxəssis “Liverpul”un pərəstişkarı olduğunu etiraf etmiş və həmişə “qırmızılar”ı çalışdırmaq istədiyində olduğunu bildirmiş, fəqət bunun mümkünsüzlüyünü mütəəssircəsinə ifadə etmişdi.
1977-ci ildən 2019-cu ilə qədər məşqçiliklə məşğul olmuş Sven-Yoran Eriksson 2001-2006-cı illər aralığında İngiltərə yığmasını çalışdırıb. Eriksson “Benfika”, “Roma”, “Sampdoria” və “Latsio”da da baş məşqçi olub. İsveçli mütəxəssis “Benfika”ya 3 dəfə Portuqaliya çempionluğunu, “Roma”ya isə İtaliya Kubokunu qazandırıb.
2022-2023-cü illərdə Eriksson İsveçin “Karlstad” klubunun idman direktoru vəzifəsində çalışıb.


