“Mançester Siti”nin dayaq yarımmüdafiəçi Kalvin Fillips icarə əsasında İngiltərənin digər klubu “Vest Hem”ə keçib.
Arena.az bu barədə “Vest Hem”in rəsmi saytına istinadən xəbər verir.
Əslən Yamaykadan olan ingiltərəli futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Onun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
“Mançester Siti” Kalvin Fillipsi 2022-ci ilin yayında “Lids”dən 49 milyon avroya transfer edib. Amma o, “şəhərlilər”in heyətində möhkəmlənə bilməyib. Bu komandada 31 oyun keçirmiş Kalvin, 1 qola da imza atıb. Onun İngiltərə nəhəngi ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Karyerasının böyük hissəsi yetirməsi olduğu “Lids”də keçmiş Kalvin, bu komandada 234 oyun keçirib, 14 qol vurub, 13 assist müəllifi olub.
Kalvin Fillips 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə milli komandasında da 31 oyuna çıxıb, 1 qola imza atıb.



