Futbol üzrə Türkiyə milli komandasının qapıçısı Altay Bayındır İngiltərənin “Mançester Yunayted” klubunun tarixinə düşüb.
Arena.az xəbər verir ki, 25 yaşlı qolkiper buna İngiltərə Federasiya Kubokunun 1/16 final mərhələsi çərçivəsində keçirilmiş “Nyuport Kaunti” ilə səfər oyununun iştirakçısı olmaqla nail olub.
“Mançester Yunayted”ə 2023-cü ilin yayında qoşulmuş Altayın debütü məhz bu oyunda gerçəkləşib. Bununla da o, “qırmızı şeytanlar”ın heyətində meydana çıxan ilk türkiyəli oyunçuya çevrilib. 90 dəqiqə meydanda olan Altay 2 qol buraxıb. Amma qarşılaşmadan 4:2 hesablı qələbə ilə ayrılan Mançester təmsilçisi 1/8 finala vəsiqəni təmin edə bilib.
Xatırladaq ki, “Mançester Yunayted” Altay Bayındırı bu mövsümün əvvəlində “Fənərbaxça”dan 5 milyon avroya transfer etmişdi. 25 yaşlı qapıçı ilə 4+1 illik müqavilə imzalanıb.
Türkiyənin “Bursaspor” klubunun yetirməsi olan Altay Bayındır peşəkar karyerasına “Ankaragücü” komandasında başlayıb. O, “Fənərbaxça”ya da 2019-cu ilin yayında məhz Ankara klubunda keçmişdi. Bayandırın İstanbul təmsilçisinin heyətində ümumi statistikası belədir: 145 oyun, 162 buraxılmış qol, 44 “quru” oyun.
Bayındır 2021-ci ilin may ayında debüt etdiyi Türkiyə yığmasında 8 oyun keçirib. O, 1 qol buraxıb, 2 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.
“Transfermarkt” internet-portalı 25 yaşlı türkiyəli qapıçının transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


