Xuanmi gəldi, Alvaro Neqredo aydıldı

“Betis”in sol cinah vingeri Xuanmi bundan sonra İspaniya La Liqasının digər təmsilçisi “Kadis”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “Kadis”in rəsmi saytı məlumat yayıb.

Sözügedən klub 30 yaşlı ispan vingeri bu mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Tam adı Xuan Migel Ximenes Lopes olan futbolçu “Malaqa”nın yetirməsidir. “Rasinq Santander”, “Sauthempton” “Real Sosyedad” kimi klublarda da oynamış vinger 2019-cu ildə 8 milyon avro qarşılığında keçdiyi “Betis”də indiyə qədər 101 oyuna çıxıb, 29 qol vurub, 7 məhsuldar ötürmə verib. O, bu mövsümün ilk dövrəsini Səudiyyə Ərəbistanının “Əl-Riyad” klubunda icarədə keçirib – 16 oyun, 1 qol, 2 assist.

Xuanmi İspaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb, həmçinin əsas millidə 1 oyun keçirib.

“Kadis” Çexiyanın “Slaviya” (Praqa) klubunun mərkəz müdafiəçisi Ayham Usunu, həmçinin Almaniyanın “Hoffenhyam” klubunun dayaq yarımmüdafiəçisi Diadi Samassekunu da icarəyə götürüb. İspaniya klubu Samassekudan fərqli, Usunu satınalma şərti ilə heyətinə qatıb.

Samasseku peşəkar karyerasına “Liferinq”də başlayıb. “Zalsburq”da da oynamış malili yarımmüdafiəçi 2019-cu ildən “Hoffenhaym”dadır. 28 yaşlı futbolçu bu komandada 87 oyuna 2 qol vurub, 5 assist edib. O, ötən mövsüm Yunanıstanın “Olimpiakos” klubunda da icarədə olub. Diadi 2016-cı ildə debüt etdiyi Mali yığmasında 37 oyun keçirib, 1 qol vurub.

Usu isə 2021-ci ildən formasını geyindiyi “Slaviya”da 73 oyuna 2 qol vurub, 3 assistə imza atıb. 24 yaşlı futbolçu karyerası ərzində “Eskilstuna”, “Hakken”, GAIS kimi klubların da formasını geyinib. İsveçdə dünyaya göz açmış Usu bu ölkənin U-19, U-21 yığmalarında oynayıb, hətta əsas millidə 1 oyun keçirib. Bu ildən isə o, Suriya yığmasına dəvət alır. Müdafiəçi Suriya millisində artıq 5 oyun keçirib.

Alvaro Neqredo “Kadis”dən getdi

Yeri gəlmişkən, İspaniya millisinin sabiq hücumçusu Alvaro Neqredo “Kadis”dən ayrılıb. 38 yaşlı futbolçu La Liqa təmsilçisini azad agent kimi tərk edib. Hazırda klubsuz olan təcrübəli oyunçu böyük ehtimalla tezliklə futbolçu karyerasını bitirdiyini elan edəcək.

Xatırladaq ki, Neqredo 2020-ci ilin avqust ayından “Kadis”in uğurları üçün çalışırdı. O, bu komandanın heyətində 105 oyuna çıxıb, 20 qol vurub, 11 məhsuldar ötürmə edib.

Alvaro karyerası ərzində “Sevilya”, “Valensiya”, “Almeriya”, “Mançester Siti”, “Beşiktaş”, “Əl-Nəsr”, “Midlsbro”, “Rayo Valyekano” kimi klubların da formasını tərlədib. O, İspaniya milli komandasında da 21 oyuna çıxıb, 10 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: