“Liverpul”un baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Mersisaydlılar Kloppun rəhbərliyi altında yanvarda Premyer Liqada 3 oyun keçiriblər və 3 qələbə qazanıblar. Klopun “qırmızılar”ı “Nyukasl” (4:2), “Bornmut” (4:0) və “Çelsi” (4:1) komandalarını məğlub ediblər.
Klopp Premyer Liqanın cari mövsümündə ilk dəfə ayın ən yaxşı məşqçisi elan edilib. 2023/2024 mövsümündə ayın ən yaxşı məşqçisi seçilmiş mütəxəssislərin siyahısını təqdim edirik:
Avqust – Angelos Postekoqlu (“Tottenhem”)
Sentyabr – Angelos Postekoqlu (“Tottenhem”)
Oktyabr – Angelos Postekoqlu (“Tottenhem”)
Noyabr – Erik ten Haq (“Mançester Yunayted)
Dekabr – Unai Emeri (“Aston Villa”)
24 oyundan sonra “Liverpul” Premyer Liqanın turnir cədvəlində 54 xalla liderdir. 23 oyundan 52 xal toplamış “Mançester Siti” isə potensial lider statusundadır.
Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa gücünün olmadığını bildirib.
56 yaşlı Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 7 kubok qazanıb. Kloppun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıblar.
“Liverpul” Klopun rəhbərliyi altında 468 oyuna çıxıb. “Qırmızılar” bu oyunlarda 291 qələbə qazanıblar, 96 heç-heçə ediblər, 81 matçda isə məğlubiyyətə üzülüblər.


