“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın 38 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçə maraqlı təklif ünvanlayıb.
Arena.az jurnalist Ramon Alvares de Mona istinadən məlumat verir ki, Ançelotti cari mövsümün sonunda futbolçu karyerasını bitirmək qərarına gələrsə, Modriçi özünün məşqçilər qərargahına dəvət edib.
Mənbənin sözlərinə görə, xorvat yarımmüdafiəçi italyan mütəxəssisin təklifini yüksək qiymətləndirib, amma eyni zamanda Modriç hesab edir ki, onun futbol oynamağa hələ kifayət qədər güc-qüvvəti var.
Modriçə hazırda ABŞ və Səudiyyə Ərəbistanı klublarının maraq göstərdiyi vurğulanır. Futbolçunun özü də MLS klublarından birində oynamağa üstünlük verir.
Xatırladaq ki, bundan əvvəl mətbuatda, Modriçin “Real”ın heyətində meydandakı oyun müddətindən narazı olduğu və Madrid klubunu tərk etmək seçimini nəzərdən keçirdiyi barədə məlumatlar yayılmışdı.
Luka Modriç “Real”a 2012-ci ilin avqustunda 35 milyon avro müqabilində “Tottenhem”dən keçib. Xorvat yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Veteran futbolçu cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 28 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib. Lukanın “qaymaqlılar”ın heyətində ümumi oyun statistikası da göz oxşayır: 516 oyun, 38 qol, 83 məhsuldar ötürmə.
Yarımmüdafiəçi “Real”la dəfələrlə bütün mümkün əsas klub turnirlərində qalib olub. Lukanın “Real”la qazandığı 23 qənimətə 5 UEFA Çempionlar Liqası, 5 FIFA Klub Dünya Kuboku, 4 UEFA Super Kuboku, 3 İspaniya La Liqası, 2 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku daxildir. Həmçinin Modriç çoxsaylı fərdi mükafatların təltifçisidir.
Luka Modriç hazırda kapitanı olduğu, 2006-cı ilin martında debüt etdiyi Xorvartiya yığmasın heyətində 172 oyuna çıxıb, 24 qol vurub, 27 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 38 yaşlı yarımmüdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


