“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Liqa Kubokunun “Çelsi” ilə final oyunu haqda gözləntilərini paylaşıb.
Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Biz Liqa Kubokunun finalının aşkar favoriti olacağıqmı? Qətiyyən yox. Sonuncu dəfə “Çelsi” ilə oynadığımızdan bəri “mavilər” xeyli artırıblar. Bu oyunda bizim üçün asan olmayacaq”.
Alman mütəxəssis həmçinin “qırmızılar”ın heyətindəki zədəlilərlə bağlı danışıb. Klopp bildirib ki, komandasının zədəli futbolçularının vəziyyətindən bixəbərdir və düşdüyü bu vəziyyəti çətin vəziyyət adlandırıb:
“Xəbər yoxdur. Vəziyyət yaxşı deyil, amma qarşıda bizi çox vacib oyunlar gözləyir. Necə və nə olacağını bilmirəm, biz gündən-günə irəliləyirik. Ancaq “Brentford”dan sonra da vəziyyətin indiki kimi olacağını bilmirdim. Baxarıq. Bircə onu deyə bilərəm ki, nə qədər ki, 11 futbolçumuz var, çalışacağıq. Söz verə biləcəyim tək budur”, – “Liverpul”un rəsmi saytı Kloppdan sitat gətirir.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunun finalı Bazar günü, fevralın 25-də, Londonun məşhur “Uembli” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Vurğulayaq ki, “Liverpul” bütün İngiltərə komandaları arasında rekord sayda – 14-cü dəfə İngiltərə Liqa Kubokunun finalında iştirak edəcək. Mersisaydlılar bu yarışı 9 dəfə qazanıblar ki, bu da rekord göstəricidir.


