Bu gün, fevralın 25-də “Çelsi” və “Liverpul” komandalarının qarşılaşdığı İngiltərə Liqa Kubokunun final oyunu keçirilib.
Arena.az məlumat verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilmiş oyun “qırmızılar”ın “zadəganlar” üzərində əlavə vaxtda qələbəsi ilə başa çatıb.
Oyun “Liverpul”un diqtəsi altında keçsə də, “mavilər” bu təzyiqə tab gətirərək, rəqibə layiqli qarşılıq verməyi bacarıblar. Üstəlik, 32-ci dəqiqədə Rahim Sterlinq topu “qırmızılar”ın qapısından keçirib. Amma hakim oyundakənar vəziyyəti qeydə alıb. Bir saatın tamamında, 60-cı dəqiqədə Endryu Robertsonun cərimə meydançasının mərkəzinə asmasını Vircil van Deyk ikinci mərtəbədə Ben Çiluell ilə mübarizdə başla tora göndərsə də, hakim bu dəfə də, amma mübahisəli oyundankənar vəziyyət qeydə alaraq, qolu ləğv edib.
Oyunun əsas vaxtı “quru” hesabla başa çatıb – 0:0. Əlavə vaxtın ilk hissəsi də səmərəsiz keçib. Artıq hər şeyin penaltilərə doğru getdiyi bir məqamda, 118-ci dəqiqədə ikinci mərtəbədəki mübarizədə Mixaylo Mudriki üstələmiş Vircil van Deyk topu başı ilə uzaq küncə göndərərək oyunun nəticəsini müəyyən edib – 1:0.
Beləliklə, “Liverpul” 10-cu dəfə İngiltərə Liqa Kubokuna sahib olub. Bu isə öz növbəsində mütləq rekorddur.
Vurğulayaq ki, Yurgen Klopp Liqa Kubokunu bir dəfədən çox qazanmaqla, “Liverpul”un müvafiq uğura imza atmış 3-cü çalışdırıcısı oldu. Alman mütəxxəsisə qədər Bob Peysli və Jerar Ulye müvafiq uğura nail olublar.
“Çelsi” isə bu məğlubiyyətlə tarixdə ardıcıl 6 dəfə milli kubokların finalında məğlub olmuş ilk ingilis klubu olub.


